Toplantılarda oxunan dualar (#4853)

Ucasan Sən, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Sənin fəzl yellərinə və Sənin məqsədinin Məşriqləri və İlhamının Məzhərləri olan Kəslərə - mənə və Sənin üzünü axtaran Kəslərə, Sənin bol fəzlinə yaraşanları, bəxşiş və lütflərinə layiq olanları nazil eylə; mən yoxsul və tənhayam, İlahi! Öz zənginlik dəryanda məni qərq eylə; təşnəyəm, mənə Öz inayətinin dirilik suyundan içir.

Səni and verirəm Sənin Özünə, göydə və yerdə olanların hamısına Öz Zatının Zühuru və fərqləndirici Sözü təyin etdiyin Kəsə, Öz bəndələrini Sənin inayət ağacının kölgəsində topla. Sonra onlara kömək eylə ki, o ağacın meyvələrindən dadsınlar, onun yarpaqlarının xışıltısına və onun budaqlarında ötən bu Quşun şirin nəğmələrinə qulaq versinlər. Sən, həqiqətən, Qəyyum, Əlçatmaz, Qüdrətli, Ən Kəramətlisən.

-Bahá'u'lláh
-----------------------

Toplantılarda oxunan dualar (#4854)

Sən Ey Mərhəmətli Allah! Sən Ey Qüdrətli və Qüvvətli! Sən Ey Ən Mehriban Ata! Bu bəndələr bir yerə toplaşıblar, Sənə dönüblər, Sənin astanana yalvarırlar, Sənin böyük vədindən sonsuz nemətlərini arzulayırlar. Sənin razılığından başqa məqsədləri, insanlıq aləminə xidmətdən savayı niyyətləri yoxdur.

Ey Allah! Bu toplantını işıqsaçan eylə. Ürəkləri mərhəmətli eylə. Müqəddəs Ruhun bəxşişlərini əta eylə. Onlara Səmadan güc ver. Onlara cənnət düşüncəsi bəxş eylə. Onların səmimiyyətini yüksəlt ki, tam mütilik və peşmanlıqla Sənin Mələkutuna dönsünlər və insan aləminə xidmətlə məşğul olsunlar. Qoy hər biri şölə saçan bir şam olsun. Qoy hər biri parlaq bir ulduz olsun. Qoy hər biri Sənin mələkutunda rəngarəng, xoş ətirli rahiyə saçan bir çiçək olsun.

Ey Mehriban Ata! Lütflərini əta et, qüsurlarımıza baxma. Himayəndə bizə pənah ver. Günahlarımızı anma. Şəfqətinlə bizə şəfa ver. Biz zəifik; Sən Qüdrətlisən. Biz fəqirik; Sən Zənginsən. Biz xəstəyik; Sən Həkimsən. Biz möhtacıq; Sən Kərimsən.

Ey Allah! Bizə Öz inayətini əta eylə. Sən Qüvvətlisən. Sən Bəxşedənsən. Sən Şəfqətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Toplantılarda oxunan dualar (#4855)

Sən Ey Mehriban Rəbb! Bunlar Sənin bəndələrindir ki, bu məclisdə toplaşıblar, Sənin mələkutuna yönəliblər, Sənin bəxşiş və nemətlərinə möhtacdırlar. Ey Allah! Həyatın bütün gerçəkliklərində gizli qalmış birlik nişanələrini açıb göstər. İnsan zatında saxladığın mübhəm qüvvələri zahir eylə.

Ey Allah! Biz bitki kimiyik, Sənin kərəmin isə bir yağışa bənzər; Öz bəxşişlərinlə bu bitkiləri təravətləndir və böyüt. Biz Sənin bəndələrinik; bizi maddi həyatın qandallarından qurtar. Nadanıq; hikmət bağışla. Ölüyük; bizi dirilt. Maddiyik, ruh əta eylə. Məhrumuq; bizə Öz sirlərini aç. Möhtacıq; bizi zənginləşdir və bizə Sənin sonsuz xəzinələrindən xeyir-bərəkət ver. İlahi! bizi dirilt; bizə bəsirət ver; bizi eşidən eylə; həyatın sirlərindən bizi vaqif eylə ki, Sənin mələkutunun sirləri bizə bu dünyada aşkar olsun və biz Sənin təkliyini etiraf edək. Hər bir bəxşiş Səndən gəlir; hər bir xeyir-bərəkət Sənindir.

Sənsən Qüdrətli, Sənsən Qüvvətli, Sənsən Bəxşedən, Sənsən həmişə Kəramətli.

-`Abdu'l-Bahá
-----------------------

Toplantılarda oxunan dualar (#4856)

Ey mənim Allahım, Ey mənim Allahım! Həqiqətən, bu bəndələr Sənə üz tuturlar, Sənin mərhəmət səltənətinə yalvarırlar. Həqiqətən, onlar Sənin müqəddəsliyinə cəlb olunublar, məhəbbət odunla alovlanıblar, ecazkar mələkutundan kömək diləyirlər, səmavi aləminə yetişməyi arzulayırlar. Həqiqətən, onlar Sənin bəxşişlərinin enməsinin həsrətini çəkir və Həqiqət Günəşindən bir nur arzu edirlər. Ya Rəbb! Onları şöləsaçan çıraqlar, mərhəmət nişanələri, barlı-bəhrəli ağaclar və parlayan ulduzlar eylə. Qoy onlar Sənin xidmətində irəli gəlsinlər, Səninlə Sənin məhəbbət bağların və tellərinlə birləşsinlər, Sənin lütfünün nurları onların muradı olsun. Ya Rəbb! Onları hidayət nişanələri, əbədi səltənətinin nümunələri, mərhəmət dənizinin dalğaları və Sənin əzəmət işıqlarını əks etdirən güzgülər eylə.

Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Mərhəmətlisən. Həqiqətən, Sən Əziz və Sevgilisən.

-`Abdu'l-Bahá
-----------------------

Toplantılarda oxunan dualar (#4857)

Sən Ey Bağışlayan Allah! Bu bəndələr Sənin Mələkutuna üz tutublar, Sənin fəzl və kəramətini diləyirlər. İlahi! Onların ürəklərini saf və təmiz eylə ki, Sənin məhəbbətinə layiq olsunlar. Ruhlarını pak və təmiz eylə ki, Həqiqət Günəşi onların üzərinə saçsın. Gözlərini pak və təmiz eylə ki, Sənin işığını görə bilsinlər. Qulaqlarını pak və təmiz eylə ki, Sənin mələkutunun nidasını eşidə bilsinlər.

İlahi! Həqiqətən, biz zəifik, amma Sən Qüdrətlisən. Həqiqətən, biz yoxsuluq, lakin Sən Zənginsən. Biz axtaranlarıq, Sən isə Axtarılansan. Ya Rəbb! Rəhm eylə və bizi əfv et; bizə elə bir qabiliyyət və istedad əta et ki, Sənin lütflərinə layiq olaq və səltənətinə cəzb olunaq, dirilik suyundan doyunca içək, Sənin eşq odundan alovlanaq və bu nurlu əsrdə Müqəddəs Ruhun nəfəsi ilə dirçələk.

Ey Allah, mənim Allahım! Bu məclisə inayət nəzərilə bax. Onların hər birini Öz mühafizən və müdafiən altında qoru. Bu canlara Sənin səmavi xeyir-bərəkətlərini nazil eylə. Onları Öz mərhəmət dənizində qərq eylə və Müqəddəs Ruhun nəfəsi ilə onları dirilt.

Ya Rəbb! Bu adil hökumətə uğur və təyid bəxş eylə. Bu ölkə Sənin himayənin kölgəsindədir və bu xalq Sənin xidmətindədir. Ya Rəbb! Onlara Sənin səmavi inayətini bəxş eylə və Öz sonsuz fəzl və bol lütflərini onların üzərinə yağdır. Bu möhtərəm milləti şərəfli saxla, mələkutuna daxil olmağa qabil eylə.

Sən Qüvvətlisən, Qadirsən, Mərhəmətlisən və Sən Səxavətlisən, Rəhmlisən və sonsuz Fəzl Sahibisən.

-`Abdu'l-Bahá
-----------------------

Toplantılarda oxunan dualar (#4858)

Sən Ey hidayət Edən İlahi Qüvvə! Bu məclis Sənin sevimli dostlarından ibarətdir ki, Sənin Camalına cəlb olunublar və Sənin eşqinin atəşindən alovlanıblar. Bu ruhları Səmavi mələklər eylə, onları Müqəddəs Ruhun nəfəsi ilə dirçəlt, onlara bəlağətli dil və əzmli qəlb bağışla, səmavi güc və rəhmani həssasiyyət əta eylə, onları bəşəriyyətin birliyinin carçıları və insan aləmində sevgi və ahəng yaradan eylə, ta ki, təhlükəli cəhalət təəssübkeşliyinin zülməti Həqiqət Günəşinin nurları ilə məhv olsun, bu tutqun dünya işıqlansın, bu maddi dünya ruhani aləmin Şəfəqlərinə bürünsün, bu müxtəlif rənglər bir rəngə çevrilsin və alqış və tərif nəğmələri Sənin müqəddəslik mələkutuna ucalsın.

Həqiqətən, Sən Qüdrətli və Qüvvətlisən!

-`Abdu'l-Bahá
-----------------------

Toplantılarda oxunan dualar (#4859)

Sən Ey mehriban Pərvərdigar! Bu ruhlar Mələkutun nidasını eşitmiş və gözlərini Həqiqət Günəşinin cəlalına dikmişlər. Onlar məhəbbətin təravətləndirici səmasına yüksəlmişlər; onlar Sənin təbiətinə məftun olmuşlar və Sənin camalına sitayiş edirlər. Özlərini Sənə tərəf çevirmişlər, bir-birilə Səndən danışırlar, Sənin məkanını axtarırlar və Sənin səma səltənətindən axan sular üçün susamışlar.

Sənsən Bəxşedən, Ətaedən və həmişə Sevən.

-`Abdu'l-Bahá
-----------------------

